1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
Ümumiyyətlə Qərbi Azərbaycan torpaqlarında həyata
keçirilən deportasiya siyasəti 3 (üç) əsas mərhələyə
bölünmüşdür. 1905-1918, 1948-1953 və 1987-1991-ci illəri əhatə edən
deportasiyalar nəticəsində minlərlə həmyerlimiz öldürülmüş və öz yurdlarından
didərgin salınmışlar. XIX əsrin axırlarına olan statistikaya görə Dərələyəz
mahalı 154 kəndə sahib olmuşdur ki, bunlardan 45 kənd 1905-1907-ci illərdə
tamamilə məhv edilmişdir.
İkinci Dünya Müharibəsindən
(1939-1945-ci illər) Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qalib
çıxmasından istifadə edən ermənilər özlərinin şovinist siyasətlərini davam
etdirmişlər. 1945-ci ilin aprel ayının 19-da Eçmiədzin kilsəsinin arxiyepiskopu
Gevorq Çörəkçiyanın SSRİ-nin rəhbəri İosif Stalinlə görüşündən sonra 100 min
erməninin Qərbi Azərbaycan torpaqlarına immiqrasiyası və azərbaycanlıların
deportasiyası haqqında qərar qəbul edilmişdir. SSRİ hökuməti bu köçürməni
Mingəçevir su anbarının inşasından sonra həmin ərazilərdə pambıq yetişdirmək
üçün işçi qüvvəsinə ehtiyac yaranması ilə əlaqələndirməyə çalışmışdır. 15 may
1945-ci ildə Ermənistan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Qriqory Arutinov məktubla
İ.Stalindən xaricdə yaşayan ermənilərin geri qaytarılması haqqında qərar qəbul
etməsini xahiş etmişdir. Oktyabr ayının 27-də Q.Arutinov İ.Stalinlə görüşü
zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana ilhaq edilməsini
xahiş etmişdir. Sözügedən şəxsin istəyi Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin (AKP MK) birinci katibi Mir Cəfər Bağırova göndərilmişdir.
M.C.Bağırov sözügedən məsələnin bir şərtlə yerinə yetirilməsinə razı olduğunu
söyləmişdir. Belə ki, o, Şuşa istisna olmaqla, Ermənistan SSR-nin azərbaycanlılar
yaşayan Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana birləşdirildikdən
sonra bunun mümkün olduğunu vurğulamışdır. Sözügedən şəxsin bu tələbindən sonra
bu məsələ bağlanmış və əvəzində azərbaycanlıların Qərbi Azərbaycandan
deportasiyası məsələsi reallaşdırılmağa başlamışdır. SSRİ Ali Sovetinin 19
oktyabr 1946-cı il fərmanına əsasən xaricdə yaşayan ermənilərin Ermənistana
köçürülməsinə başlanmışdır. Aparılan araşdırmalar göstərir ki, Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və
Ruminyadan 50 min 900 nəfər erməni immiqrasiya edilmişdir. Köçürmə
siyasətinin davamı olaraq, 1947-ci
ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4
min nəfər erməni qəbul edilərək, Ermənistanda yerləşdirilmişdir. Statistik nəticələrə
görə, 1946-1949-cu illər aralığında xarici ölkələrdən Ermənistana 96 min erməni
köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda və əsasən, şəhər ətrafındakı
Nor-Areş, Zeytun, Nor Kilikiya massivlərində məskunlaşmışdır. 1947-ci il
dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin
Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar
qəbul edilmişdir. Bəhs olunan qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə
sözdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və
digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüləcəkdir .
Qərarın 1-ci bəndinə əsasən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci
ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulmuşdur. Ermənistan SSR Nazirlər
Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi
ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana
gələn ermənilərin yerləşdirilməsinə icazənin verilməsi bu qərarın 11-ci maddəsində
nəzərdə tutulmuşdur. 100 min azərbaycanlının köçürülməsi məqsədinə çata bilməyən
SSRİ hökuməti 1951-1955-ci illərdə daha 15 min azərbaycanlını köçürmək haqqında
qərar qəbul etmişdir. 1948-1953-cü illərdə gerçəkləşdirilən bu deportasiya
çeçenlərin, inquşların, balkarların, qaraçayların və digər xalqların
Qazaxıstana və Mərkəzi Asiyaya deportasiyası ilə eyni səviyyəyə malik olmuşdur.
1953-cü ildə İ.Stalinin ölüməsi, xaricdə yaşayan ermənilərin Ermənistana köçməkdən
imtina etməsi bu prosesi zəiflətmişdir. Sözügedən deportasiyaya ilk dəfə hüquqi
qiymət 18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Ümummilli
liderin imzaladığı fərmana əsasən, azərbaycanlılara qarşı törədilmiş cinayətləri
tədqiq etmək, bu tarixi cinayətə hüquqi qiymət vermək və eyni zamanda,
deportasiyanı dünya arenasına çatdırmaq üçün komissiya yaradılmışdır.
Qafqaz regionu üzrə ekspert
Əhmədov Həsən